Dövlət Taxıl Fondunun rəhbəri: "Ölkədə un və un məhsulları qıtlığı yoxdur"
Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədovun "APA-Economics"ə müsahibəsi:
- Hazırda Fondun ehtiyatları nə qədərdir?
- Dövlət ərzaqlıq buğda ehtiyatları məqsədilə "Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2012-ci il 18 sentyabr tarixli 206 nömrəli qərarına dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 30 dekabr 2014-cü il tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş həcmdə, yəni 750 min ton Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə qəbul edilmiş keyfiyyət göstəricilərinə uyğun yüksək keyfiyyətli ərzaqlıq buğda tədarük edilir.
Bu günə kimi malgöndərənlər 360 min tona yaxın yüksək keyfiyyətli ərzaqlıq buğdanı ünvanımıza yola salıb və buğda yerli elevatorlarda yerləşdirilib.
- Tez-tez belə fikirlərlə rastlaşırıq ki, Fondun ehtiyatları əsasən idxala bağlıdır. Buna münasibətiniz necədir?
- Fond hər il dövlət ərzaqlıq buğda ehtiyatlarının yaradılması sahəsində dövlət tapşırığını yerinə yetirir. Bununla bağlı, ilk növbədə hər il respublikada taxıl biçini mövsümünə start verilən kimi, bütün kütləvi informasiya vasitələrində Dövlət Taxıl Fonduna Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə qəbul edilmiş keyfiyyət göstəricilərinə uyğun yüksək keyfiyyətli ərzaqlıq buğda tədarük edilməsi ilə bağlı elan verilir. Yerli buğda istehsalçılarından bu həcmdə buğda tədarük etmək mümkün olmadıqda təbii olaraq, fondun ehtiyatları idxal hesabına formalaşdırılır.
Fonda ancaq Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə qəbul edilmiş keyfiyyət göstəricilərinə uyğun yüksək keyfiyyətli ərzaqlıq buğda tədarük edilir. Buğda yüklü vaqonlar elevatorlara daxil olan kimi, nümunələr götürülür, elevatorların laboratoriyalarında analizlər aparılır. Aparılmış analizlərin nəticələrinə əsasən buğdanın saxlanca qəbul edilib-edilməməsi barədə qərar çıxarılır. Müqavilədə göstərilən və təsdiq edilmiş keyfiyyət göstəricilərinə uyğun gəlməyən mal müəyyən edildiyi halda malgöndərən tərəf məlumatlandırılmaqla həmin maldan imtina edilir.
- Manatın ikinci dəfə devalvasiyaya uğramasından sonra fond bazara müdaxilə etsə idi, devalvasiyadan öncəki qiymətləri qorumaq olardımı?
- Əvvəlcə onu qeyd edək ki, Azərbaycanda çörəyin qiyməti buğda idxal edilən ölkələrdəki qiymətdən kifayət qədər ucuzdur. Əgər yadınızdadırsa, manatın birinci dəfə devalvasiyaya uğramasından sonra, yəni 2015-ci ilin fevral ayının 21-dən sonra ölkədə çörəyin qiymətinin sabit saxlanılmasına nail olundu. Fonddan taxılın istifadəsi qəbul edilmiş qanunvericiliyə müvafiq olaraq, fövqəladə hallarda istehlakçıların bu məhsullara olan tələbatını ödəmək, beynəlxalq öhdəlikləri yerinə yetirmək və lazım gəldikdə, daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi ilə həyata keçirilir. İdxal yolu ilə tədarük edilmiş buğdanın qiymətində manatın məzənnəsi nəzərə alınmaqla artımın olması istisna edilmir. Lakin, aparılmış hesablamalar göstərir ki, mövcud məzənnə ilə bir kisə əla növ 50 kiloqramlıq unun 26 manata satıldığı halda çörəyin qiymətində kəskin artım gözlənilmir. Fondun bazara müdaxiləsinin nəticəsidir ki, manatın məzənnəsi təxminən 50% devalvasiyaya uğramasına baxmayaraq çörəyin qiyməti bu qədər bahalaşmayıb.
- Fondun ehtiyatları ilə fors-major situasiyada vəziyyətdən çıxmaq mümkündürmü?
- Əvvəla, hazırda ölkədə un və un məhsulları qıtlığı yoxdur. Fondun ehtiyatları isə elə formalaşdırılıb ki, bütün fors-major hallarında ölkədə mövcud olan bütün un fabriklərini yüksək keyfiyyətli ərzaqlıq buğda ilə təmin etmək mümkün olur. Yəni, dövlət ehtiyatlarında azalma olarsa, qabaqlayıcı tədbirlər həyata keçirməklə operativ şəkildə istifadəyə buraxılmış buğda yenisi ilə əvəzlənir.
APA