ABŞ Yaponiyaya qırıcı təyyarələr göndərib
ABŞ Yaponiyanın İokota ərazisindəki hərbi dəniz qüvvələri bazasına 12 ədəd beşinci nəsil “F-22 Raptor” tipli qırıcı təyyarə göndərib. Bu barədə Yaponiyanın müdafiə naziri Qen Nakatani yanvarın 22-də Tokioda keçirdiyi mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, yanvarın 20-də qeyd edilən bazaya səkkiz təyyarə qəbul olunub. Ertəsi gün isə daha dörd təyyarə gəlib. Yaponiya tərəfi təyyarələrin gəlməsi barədə məlumatlandırılmayıb.
Belə güman olunur ki, həmin təyyarələr yanvarın 6-da Koreya Xalq Demokratik Respublikası tərəfindən reallaşdırılan dördüncü nüvə sınağına cavab olaraq bu ölkəyə təzyiq göstərmək üçün Uzaq Şərqə göndərilib.
Müdafiə naziri bu əməliyyatı “təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın tərkib hissəsi” adlandırıb.
Q.Nakatani deyib: “Şimali Koreyanın keçirdiyi yeni nüvə sınağı təsdiq edir ki, Şimal-Şərqi Asiyada vəziyyət getdikcə gərginləşir. ABŞ-ın saxlayıcı gücü Yaponiyaya təhlükəsizliyin təmini məqsədilə lazımdı”.
“Gözəgörünməz” ləqəbi almış “F-22” qırıcıları istənilən havada uça bilir və əsasən səmada üstünlüyü qorumaq üçün istifadə olunur. Hazırlanması zamanı gizli texnologiyaların istifadə olunduğu bu təyyarənin ABŞ-ın ən yaxın müttəfiqlərinə belə satışı qadağan olunub.
AZƏRTAC