Millət vəkilləri Almaniyada erməniləri ifşa etdi - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Millət vəkilləri Almaniyada erməniləri ifşa etdi - FOTO

18:18 - 13 / 05 / 2016
Millət vəkilləri Almaniyada erməniləri ifşa etdi - FOTO

Almaniyanın Berlin şəhərində səfərdə olan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev və deputat Rasim Musabəyov dünən və bu gün bir sıra əhəmiyyətli görüşlər keçiriblər.

1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, ATƏT PA-dakı alman nümayəndə heyətinin sədrinin müavini ilə görüş zamanı Azərbaycanın ərazi bütövlüyü məsələsi ətrafında müzakirələr aparılıb.

Qeyd edilib ki, işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində sülh danışıqları davam etdiyi vaxtda Ermənistan tərəfi buna məhəl qoymur və dinc sakinləri atəşə tutur.

AFR Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri, qrupun xarici siyasət, müdafiə və Aİ məsələləri üzrə sözçüsü və digər üzvləri ilə görüş zamanı millət vəkillərimiz Cənubi Qafqazda təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Xüsusilə, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın regionda əsas təhlükə mənbəyi olduğu görüş iştirakçılarının diqqətinə çatdırılıb. Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son vaxtlar baş verən hadisələr, erməni tərəfinin təxribatları barədə geniş məlumat verilib.

Nümayəndə heyətimiz Almaniya Bundestaqının Seçkiyə Nəzarət, İmmunitet və İntizam Komitəsinin sədri, Xarici Əlaqələr Komitəsinin və Ağsaqqallar Şurasının üzvləri, AŞPA-dakı alman nümayəndə heyəti ilə görüşlərdə Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirdiyi siyasətin sülhsevər olduğunu vurğulayıblar.

Almaniya Bundestaqının Avropa İttifaqı məsələləri üzrə Komitəsinin sədr müavini, İqtisadi əməkdaşlıq və inkişaf komitəsinin üzvləri, SPD (Sosial Demokratlar Partiyası) fraksiyasından olan deputatlarla görüş zamanı millət vəkillərimiz münasibətlərin ikitərəfli inkişafının perspektivləri və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Mayın 13-də millət vəkillərimiz AFR Bundestaqdakı İqtisadiyyat və Enerji Komitəsinin üzvləri, Yaşıllar (Die Grünen/ Bündnis 90) partiyasının xarici siyasət məsələləri üzrə sözçüsü həmçinin Almaniya XİN-nin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar üzrə səfiri ilə görüşüblər.

Keçirilən görüşlərdə deputatlarımız Ermənistanın beynəlxalq konvensiyaları pozaraq, ölkəmizə qarşı qadağan olunmuş kimyəvi silahdan istifadə etdiyini bildirib, faktı təsdiqləyən lazımı sənədləri təqdim ediblər.

Millət vəkillərimiz Humboldt-Berlin Universitetində fəaliyyət göstərən “Azərbaycan Tarixi” kafedrasını ziyarət ediblər.

1news.az

Paylaş:
826

Son xəbərlər

Bütün xəbərlər