“France 24” telekanalında Azərbaycanın Fransadakı səfirinin müsahibəsi yayımlanıb | 1news.az | Xəbərlər
Siyasət

“France 24” telekanalında Azərbaycanın Fransadakı səfirinin müsahibəsi yayımlanıb

12:02 - 17 / 05 / 2016
“France 24” telekanalında Azərbaycanın Fransadakı səfirinin müsahibəsi yayımlanıb

“France 24” televiziya kanalında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun müsahibəsi yayımlanıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, səfir E.Əmirbəyov müsahibəsində Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayonunun işğal altında saxlamasının nəticəsiz qalmayacağını anlamasının vacib olduğunu bildirib.

Diplomat Ermənistanın tarixi həqiqətləri təhrif edərək özünü başladığı münaqişənin qurbanı kimi qələmə verməyə çalışdığını diqqətə çatdırıb. O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri mövcud status-kvonun qəbuledilməz olduğunu dəfələrlə açıq şəkildə bildiriblər.

E.Əmirbəyov deyib ki, 1994-cü ildə imzalanan atəşkəs rejiminə baxmayaraq, Ermənistan daim atəşkəs rejimini pozur və Azərbaycanın dinc əhalisini atəşə tutur.

Vyana sammitinə gəldikdə isə diplomat qeyd edib ki, bu görüş çox vacibdir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin keçirdiyi bu görüşdə Ermənistanı atəşkəs rejiminə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməyə məcbur etmək lazımdır. Vyana görüşündə Azərbaycan qoşunların təmas xəttində Ermənistanın törətdiyi təxribatlardan sonra belə danışıqlar prosesinin yenidən bərpa edilməsinə və münaqişənin sülh yolu ilə həll olunmasına çalışır.

Diplomat bildirib ki, danışıqlar prosesi əvvəlkindən fərqli olaraq daha ciddi olmalı, status-kvo dəyişdirilməlidir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edərək silahlı qüvvələrini işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxarmalıdır.

1news.az

Paylaş:
416

Son xəbərlər

Bütün xəbərlər