Qəzaya uğramış Misir təyyarəsinin “qara qutu”larının ehtimal edilən yeri müəyyənləşib
Aralıq dənizində qəzaya uğramış, “Yeqipteyr” şirkətinə məxsus təyyarənin qalıqlarını axtaran və toplayan Misir hərbiçiləri A-320 təyyarəsinin avtomatik qeydiyyat qurğularının olması ehtimal edilən rayonu müəyyən ediblər.
Misirdə çıxan “Əl-Əhram” qəzetinin portalı bu barədə təhqiqat orqanlarına yaxın mənbəyə istinadla məlumat verib.
Məlumatda qeyd edilir ki, həmin zona laynerin düşdüyü yerdən təxminən 3-4 dəniz mili qədər məsafədədir. Mənbənin məlumatına görə, təyyarədəki avtomatik qeydiyyat qurğularının tapılması aviaqəzanın səmərəli təhqiq edilməsi üçün birinci dərəcəli məsələdir.
“Qara qutu”ların axtarışına sualtı qayıqlar, habelə Misir hərbi dəniz qüvvələrinin xüsusi avadanlıqla təchiz olunmuş gəmiləri cəlb edilib.