“İstedadlı uşaqlar-2016” festivalının qalibləri mükafatlandırılıblar - FOTO
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil etdiyi “İstedadlı uşaqlar-2016” festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
1news.az-ın verdiyi xəbərə görə, tədbirdə şəhər və regionlardan 250-yə yaxın uşaq, o cümlədən xüsusi qayğıya ehtiyacı olan və Azərbaycanda yaşayan bütün xalqları təmsil edən uşaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Beynəlxalq Muğam Mərkəzində davam edən tədbirdə AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib və uşaq hüquqlarının müdafiəsinə, onların sağlam böyüməsinə yönəlmiş bir çox dövlət proqramları, tədbirlər planları qəbul edilib. Bütün bunlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi üçün milli konsepsiyanı inkişaf etdirməyə yönəlib. Komitə sədri diqqətə çatdırıb ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Azərbaycan ailəsi Strategiyası” hazırlanır və yekunlaşmaq üzrədir.
Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanova bildirib ki, ölkəmizdə uşaq hüquqları ilə bağlı mükəmməl qanunvericilik bazası mövcuddur. Uşaq Məcəlləsinin hazırlanması istiqamətində isə müəyyən işlər görülür.
BMT-nin İnkişaf Proqramının (UNDP) Rezident Nümayəndəsinin müavini xanım Nato Alxazişvili çıxışında Azərbaycanda reallaşdırılan dövlət uşaq siyasətini yüksək qiymətləndirib.
Sonra uşaqların rəsm əsərləri nümayiş olunub. Həmçinin 2015-ci və 2016-cı illərdə uğur qazanmış uşaqların fəaliyyətini özündə əks etdirən “İstedadlı uşaqlar-2016” filminin təqdimatı olub.
Mərasimdə elm, təhsil, yaradıcılıq, incəsənət və idman sahələrində Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil edib qalib gəlmiş uşaqlar mükafatlandırılıblar. Qaliblərə “Azərbaycanın gələcəyi” kuboku, diplomlar və hədiyyələr təqdim olunub. Milli Məclisin deputatlarının, dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbir konsert proqramı ilə davam edib.
1news.az