Barak Obama: “ABŞ Azərbaycan iqtisadiyyatının diversifikasiyasını və hərtərəfli inkişafını dəstəkləyir”
“Azərbaycan enerji diversifikasiyası sahəsində etibarlı tərəfdaş olaraq qalır”.
1news.az-ın verdiyi xəbərə görə, bu sözlər ABŞ prezidenti Barak Obamanın Bakıda keçirilən 23-cü Beynəlxalq Neft və Qaz Sərgisinin iştirakçılarına göndərdiyi təbrik məktubunda yer alıb.
Prezident İlham Əliyevə ünvanlanan məktubda B. Obama bildirib ki, ABŞ Azərbaycan iqtisadiyyatının diversifikasiyasını və hərtərəfli inkişafını dəstəkləyir:
“Hörmətli cənab Prezident.
Bakıda keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransının 23-cü ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.
Azərbaycan qlobal enerji təchizatında olduqca mühüm rolunu oynamaqda davam edir və regional səviyyədə təchizatın şaxələndirilməsini, bazardakı rəqabəti, eləcə də enerji təhlükəsizliyini artırmaq kimi ümumi məqsədimizə münasibətdə etibarlı tərəfdaşdır. Bugünkü şəraitdə enerji təchizatının şaxələndirilməsi həmişəki kimi əhəmiyyətli olaraq qalır. Ötən il ərzində Azərbaycan və onun tərəfdaşları “Cənub Qaz Dəhlizi”nin reallığa çevrilməsində böyük tarixi mərhələlərə nail olmuşlar. Azərbaycan ilə onun beynəlxalq tərəfdaşları arasında davamlı əməkdaşlıq həmin mühüm layihənin başa çatdırılmasını təmin edəcək, Birləşmiş Ştatlar isə beynəlxalq tərəfdaşlarımızla birgə buna yardım etməyə hazırdır və “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini vurğulamaqda davam edir.
Mən “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi məqsədilə göstərdiyiniz səyləri alqışlayıram və Azərbaycanın tam potensialına nail olmaqda, o cümlədən şaxələndirilmiş iqtisadiyyatı təşviq etməkdə, sərmayə mühitini təkmilləşdirməkdə, hesabatlığı və qanunun aliliyini gücləndirməkdə və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarını yaxşılaşdırmaqda atdığınız davamlı addımlarınızı dəstəkləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın sadiq tərəfdaşı olaraq qalır”.
1news.az