Devid Kameron: “Azərbaycanın enerji resursları dünya iqtisadiyyatında böyük rol oynayır”
“Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində böyük rol oynamada davam edir”.
1news.az-ın verdiyi xəbərə görə, bu, Böyük Britaniyanın baş naziri Devid Kameronun Bakıda keçirilən 23-cü Beynəlxalq Neft və Qaz Sərgisinin açılışı ilə bağlı göndərdiyi təbrik məktubunda yer alıb.
Prezident İlham Əliyevə ünvanlanmış məktubda D.Kameron Azərbaycanı Cənub Qaz Dəhlizində oynayacağı rolla bağlı təbrik edib:
“Ülyahəzrətin hökuməti adından Zati-aliləri Prezident İlham Əliyevi və Azərbaycan xalqını XXIII “Xəzər Neft və Qaz” sərgi və konfransı münasibətilə təbrik etmək istəyirəm.
Mən ölkələrimiz arasında davamlı güclü ikitərəfli münasibətləri alqışlayıram.
Məmnunam ki, Birləşmiş Krallığın şirkətləri Azərbaycanın karbohidrogen sektorunun davamlı inkişafında mühüm rol oynayırlar.
Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq.
Hökumətim qlobal enerji təhlükəsizliyi məsələlərinə böyük önəm verir. “Cənub Qaz Dəhlizi” Avropa İttifaqının qaz bazarının şaxələndirilməsində və beləliklə, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq.
Mən Azərbaycan hökumətini “Cənub Qaz Dəhlizi”nin inkişaf etdirilməsində oynadığı rolu ilə bağlı təbrik edirəm və Trans-Adriatik boru kəmərinin mayın 17-də təməlqoyma mərasimini alqışlayıram. Bu, “Cənub Qaz Dəhlizi”nin cədvələ uyğun çəkilməsində növbəti mühüm hadisədir.
Məmnunluq və fərəh hissi ilə qeyd edirəm ki, BP və Birləşmiş Krallığın təchizat şirkətləri layihənin həyata keçirilməsində əsas rol oynayırlar.
Mən bütün tərəfdaşlara gələn bir çox illər ərzində sabit enerji mənbəyinin təmin edilməsində göstərdikləri səylərdə uğurlar arzulayıram.
Fürsətdən istifadə edərək, builki “Xəzər Neft və Qaz” sərgisinin bütün iştirakçılarına şəxsən ən xoş arzularımı çatdırıram.
Ümid edirəm ki, Sizin hamınızı uğurlu həftə gözləyir”.
1news.az