Masallıda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda regional seminar-müşavirə keçirilib – FOTO
İyunun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Masallı Rayon Mədəniyyət Mərkəzində “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.
1news.az-ın məlumatına görə, tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayon prokurorları, Daxili İşlər və Ədliyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və DQİDK-nın yerli strukturlarının rəhbərləri, ziyalılar, dindarlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, mövzu ilə bağlı lentə alınmış “Fitnə” sənədli filminə baxıblar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdən və bütün dünyaya örnək ola biləcək tolerantlıq mühitindən danışıb.
Seminar-müşavirədə çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadlarından söhbət açıb. S.Heydərov diqqəti din pərdəsi altında aparılan münaqişələrə cəlb edərək bildirib ki, dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir. İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla, onun gözdən salınmasına yönələn siyasət həyata keçirilir. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi getdikcə artmaqdadır.
S.Heydərov qeyd edib ki, dünyanın belə bir böhranlı dövründə Azərbaycanda qlobal təhlükəsizlik məsələləri müzakirə olunur, tolerantlıq təbliğ edilir. Azərbaycan bu gün dünyada təkcə enerji təhlükəsizliyində deyil, eyni zamanda, qlobal təhlükəsizlik məsələlərində də töhfə verən ölkəyə çevrilib.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazov çıxışında qeyd edib ki, artıq dünya birliyi Azərbaycanı tolerantlıq nümunəsi kimi görür. H.Eyvazov diqqətə çatdırıb ki, bəzi qrupların din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına yönəlmiş pozuculuq fəaliyyətləri müşahidə olunur. Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən tədbirlər həyata keçirilir.
Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev çıxışında ölkəmizdəki multikultural və tolerant mühitdən, dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınmasına yönələn tədbirlərdən danışıb.
Müşavirədə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazısı Mirqiyas Təhməzov, “Tərəqqi” medallı Əməkdar Müəllim, şəhər 1 nömrəli tam orta məktəbin direktoru Mirqabil Hüseynov, rayon Ağsaqqallar Şurasının sədr müavini Ələşrəf Niftiyev və başqaları qeyd ediblər ki, gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq vəzifəsi bütün cəmiyyətin üzərinə düşür.
Çıxışlarda qeyd olunub ki, dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. Bu mübarizədə hər bir Azərbaycan vətəndaşı, xüsusilə ziyalılar və dindarlar fəallıq göstərməlidirlər.
Seminar-müşavirənin sonunda mövzu ilə bağlı təkliflər verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
1news.az