Bu il əlilliyi olan şəxslər 14 mindən çox reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib
Cari ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin reabilitasiya vasitələri və protez-ortopedik məmulatlarla təminatı işlərini davam etdirib.
1news.az-ın məlumatına görə, ötən dövrdə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərə 900 ədəd əlil arabası verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,5 faiz çoxdur.
Əlilliyi olan şəxslər həmçinin 385 ədəd aşağı ətraf protezi, 519 ədəd aşağı ətraf ortezi, 793 ədəd dirsəkaltı ağac, 389 ədəd dördayaqlı dayaq vasitəsi, 337 ədəd bel və boyun nahiyəsi üçün korset, 1832 cüt ortopedik ayaqqabı, 1296 protez ayaqqabı, 283 ədəd eşitmə aparatı, 3580 ədəd müxtəlif reabilitasiya vasitəsi, 1095 ədəd əsa və s. ilə təmin olunublar. Onlara məxsus 396 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın isə təmiri işləri aparılıb.
Ümumilikdə cari ilin yanvar-may aylarında əlilliyi olan şəxslərin ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,9 faiz çox, yəni 14039 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təminatı həyata keçirilib.
Son 5 ayda Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 317 nəfər əlilliyi olan şəxs reabilitasiya xidmətləri göstərilib.
1news.az