Ərdoğan: “Almaniya rəhbərləri hansı üzlə bizim qarşımıza çıxacaqlar?”
“Almaniya parlamentinin qərarının bir dəyəri-qiyməti yoxdur. Biriləri qərar verdi deyə, tariximiz dəyişəsi deyil. Almaniya Türkiyə kimi bir dostu itirmə riski ilə qarşı-qarşıyadır”.
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanKeniyada türkiyəli media nümayəndələri ilə söhbət zamanı deyib. O, Türkiyəyə döndükdən sonra bu məsələni baş nazir və xarici işlər naziri ilə müzakirə edəcəyini və bunun əsasında qərar qəbul edəcəklərini söyləyib: “Almaniya parlamentinin qərarı xeyrə əlamət deyil. Maraqlı olan budur ki, bu məsələdə bir üst ağıl, üst səviyyə var. Səsvermədə bir nəfər əleyhinə səs verib, bir nəfər də bitərəf qalıb. Bu məsələ almanlar üçün bu qədər vacibdirmi? Ötən il 1915-ci il hadisələrinin 100-cü ildönümü idi, o zaman niyə qəbul etmədilər? Bunlar düşündürücüdür. Üst ağıldan onlara belə bir təlimat gəlmiş ola bilər. İndi mənim üçün maraqlıdır, bu qərardan sonra Almaniya rəhbərləri mənə, baş nazirimizə hansı üzlə baxacaqlar əcəba?..”
R. T. Ərdoğan Holokostla 1915-ci il hadisələri arasında hər hansı bənzərlik olmadığını bildirib: “1915-ci il hadisələri ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinin qərarı çox aydındır. Qərarda ermənilərin bu hadisələrə dair versiyasının mütləq həqiqət olmadığı və sərbəst şəkildə müzakirə edilə biləcəyi, erməni versiyasına qarşı olan fikirlərə isə söz azadlığı çərçivəsində yanaşılmasının vacibliyi, 1915-ci il hadisələri ilə Holokost arasında oxşarlıq qurulmasının yanlışlığı çox açıq bildirilir”.
R. T. Ərdoğan miqrant böhranı və viza sərbəstliyi ilə bağlı ilə bağlı məsələlərin Türkiyə ilə Almaniya arasında deyil, Türkiyə ilə Avropa İttifaqıarasında olduğunu nəzərə çatdıraraq Bundestaqın qərarının bu məsələlərə təsir göstərməyəcəyini vurğulayıb: “Almaniyadakı hadisəyə Almaniya ilə əlaqəli məsələ kimi baxmaq lazımdır, Türkiyə-Aİ olayı kimi baxmaq doğru olmaz. Bizim bu barədə mövqeyimiz bəllidir. Bunu Dünya Humanitar Sammiti zamanı hörmətli Merkelə də anlatdım. Hər iki məsələ eyni anda həyata keçirilməlidir. Belə olmazsa, biz də lazımi addımları ata bilərik. Biz Avropa İttifaqına verdiyimiz sözlərin arxasında durduq. Amma onlar durmadılar - nə maddi, nə də digər məsələlərdə”.