Dərbənddə Azərbaycan və Dağıstan alimlərinin görüşü keçirilib
Dərbənd Tarixi-Memarlıq Bədii Muzey Qoruğunda Azərbaycan və Dağıstan alimlərinin görüşü keçirilib.
1news.az-ın verdiyi xəbərə görə, görüşdə Azərbaycan Milli Elmlər Akademiyası, “Azər-İlmə” Xalçaçılıq Mərkəzi və Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə həyata keçirdiyi “Dərbənd xalçaçılığı” fundamental elmi layihəsinin nəticələri müzakirə edilib.
Layihənin rəhbəri və təşəbbüskarı “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin direktoru, Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradov çıxış edərək tədbir iştirakçılarını layihənin prinsipləri, gedişatı, aparılan ekspedisiya-çöl tədqiqatları haqqında məlumatlandırıb.
Alim qeyd edib ki, layihənin nəticələri “Dərbənd xalçaçılığı: mədəniyyətlərin müştərək tarixi” («Дербентское ковроткачество: соистория культур») kitabında öz əksini tapıb. Kitaba Dərbədin xalçaçılıq ənənələrindən – xalçalarından, onların bədii-texnoloji xüsusiyyətlərindən, xalçaçılarından, boyaqçılarından, tacirlərindən bəhs edən materiallarla yanaşı, bu qədim şəhərin tarixinə, etno-mədəni mühitinə, burada inkişaf etmiş ayrı-ayrı sənət sahələrinə dair maraqlı oçerklər, arxiv materailları, o cümlədən rəngarəng fotoşəkillər də daxil edilib.
Layihə çərçivəsində Rusiyanın Şərq xalqlarının incəsənəti Dövlət Muzeyi, Dövlət Tarix Muzeyi, Etnoqrafiya Muzeyi, Antropologiya və Etnoqrafiya Muzeyində, Dövlət Ermitajında və s. kimi məşhur muzeylərində qorunan Dərbənd bölgəsində toxunan qədim xalçalar da tədqiqata cəlb olunub.
Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru tarix elmləri namizədi Mahaç Musayev, tarix elmləri doktorları Camal Mustafayev, Məhəmmədxan Məhəmmədxanov, Nazim Məhəmmədov, tarix elmləri namizədləri Emil Kərimov, Qoşqar Qoşqarlı, Şərafəddin Məhərrəmov, filologiya elmləri doktoru Tehran Alışanlı, Dərbənd Tarixi-Memarlıq Bədii Muzey Qoruğunun direktoru Əli İbrahimov və digərləri öz çıxışlarında layihənin aktuallığını qeyd edərək, onu Azərbaycan və Dağıstan alimlərinin ilk birgə nailiyyəti kimi yüksək dəyərləndirdilər.
Görüşdə layihənin nəticələrinin təbliği, beynəlxalq miqyasda işıqlandırılmasına dair məsələlər, Dərbənd şəhərinin iqtisadi, ticari, mədəni, sosial tarixinin öyrənilməsində Azərbaycan və Dağıstan alimlərinin birgə fəaliyyət perspektivləri müzakirə edildi, həmçinin “Dərbənd xalçaçılığı: mədəniyyətlərin müştərək tarixi” kitabının siqnal buraxılışına dair rəy və təkliflər səsləndirildi.
Tədbirdə Dərbənd şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar, KİV-nin nümayəndələri iştirak edirdilər.
1news.az