Yunanıstanda Azərbaycan Gəncləri Həftəsi təşkil edilib – FOTO
30 may-6 iyun tarixlərində Yunanıstanın Afina şəhəri, eləcə də Krit bölgəsinin Xanya, Retimno, İraklion və Sitia şəhərlərində Azərbaycan Gəncləri Həftəsi təşkil edilib.
1news.az-ın məlumatına görə, Azərbaycanın Yunanıstandakı səfirliyi, Gənclər və İdman Nazirliyi, Krit bölgəsinin bələdiyyəsi və Pirey bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi iki ölkə arasında gənclər sahəsində əməkdaşlığı inkişaf etdirmək, milli-mənəvi dəyərlərimizi, musiqi və rəqslərimizi xarici ölkədə təbliğ etmək, ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaq idi.
Tədbir zamanı, Gənclər və İdman Nazirliyinin xətti ilə Yunanıstanın Afina şəhərinə ezam edilmiş gənc musiqiçilər, muğamlardan ibarət kompozisiya ifa etmiş, “Cəngi”, “İgidlər”, “İnnabı”, “Naz eləmə” və digər milli rəqslərimizi nümayiş etdirmiş, Üzeyir Hacıbəyov, Tofiq Quliyev və digər bəstəkarlarımızın əsələrini ifa etmişlər.
Bunula yanaşı, 31 may tarixində gənc musiqiçilər Afina Konservatoriyasında əcnəbi musiqiçilər üçün “Azərbaycan milli musiqi alətləri” mövzusunda ustad dərsləri keçmiş, milli musiqi, rəqslərimiz, muğamlar haqqında geniş məlumat vermişlər.
1news.az