Əmrə Mor rəsmən “Borussiya”da
Türkiyə yığmasının və “Nordsyelland” klubunun istedadlı yarımmüdafiəçisi Əmrə Morun yeni komandasının adı bəlli olub.
1news.az-ın məlumatına görə, 18 yaşlı gənc futbolçu gələn mövsümdən Dortmund “Borussiya”sının formasını geyinəcək.
Türk futbolçu Avropanın bir çox nəhəng klubunun maraq dairəsində olsa da, seçimini alman klubunun xeyrinə edib. O, Dortmund təmsilçisi ilə 5 illik rəsmi müqaviləyə qol çəkib. Onun transfer qiyməti rəsmən açıqlanmasa da, “Nordsyelland”ın bu keçiddən təxminən 15 milyon avro qazandığı bildirilib.
Əmrə Mor keçidi ilə bağlı ilkin təəssüratlarını da bölüşüb: “Dortmund kimi böyük bir kluba gəldiyim üçün çox xoşbəxtəm. “Borussiya” möhtəşəm azarkeş dəstəyinə görə Avropada bənzəri olmayan klubdu. Yeni komandamın heyətində ilk oyunuma çıxmaq üçün səbirsizlənirəm”.
Qeyd edək ki, Danimarkada doğulan və orada futbol karyerasına başlayan 18 yaşlı Əmrə Mor, AVRO-2016-da iştirak edəcək Türkiyə yığmasının heyətində də yer alacaq.
1news.az