Məcburi köçkünlərin yaşayış massivində içməli su təchizatı yaxşılaşdırılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məcburi köçkünlərin yaşayış massivində içməli su təchizatı yaxşılaşdırılıb - FOTO

16:25 - 09 / 06 / 2016
Məcburi köçkünlərin yaşayış massivində içməli su təchizatı yaxşılaşdırılıb - FOTO

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının  yaxşılaşdırılması istiqamətində layihələrin icrasını davam etdirir.

1news.az  ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə davamlı olaraq layihələr həyata keçirilir.

İçməli su problemindən əziyyət çəkən Abşeron rayonunun Çaylı qəsəbəsinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni magistral su xəttinin tikintisi yekunlaşıb.

Layihənin birinci mərhələsində Abşeron rayonunun Pirəküşkül qəsəbəsi və  məcburi köçkün yaşayış massivinin içməli su təchizatı yaxşılaşdırılıb. Həmin yaşayış məntəqələrini içməli su ilə təmin etmək üçün + 145 Müşfiqabad su anbarından 10,2 km uzunluğunda magistral su xətti çəkilib. Magistral xətt həmin yaşayış məntəqələrinin mövcud şəbəkələrinə qoşulmuş və suyun verilməsi təmin olunub.

Növbəti mərhələdə Çaylı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qəsəbəni su  ilə təmin edən və uzun müddət istismar olunaraq yararsız vəziyyətə düşmüş magistral su xəttinin dəyişdirilməsi qərara alınıb. Bu məqsədlə 225 mm diametrli borularla 1,6 km uzunluğunda magistral su xətti çəkilib.

Hazırda yeni çəkilmiş magistral su xəttinin mövcud su təchizatı sistemlərinə birləşdirilməsi işləri aparılır.  Magistral xətdən suyun verilməsi ilə 1600-dək sakini olan  Çaylı qəsəbəsinin içməli su təchizatı yaxşılaşacaq.

1news.az

 

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər