AFFA qərarını verdi: Azərbaycan çempionatında 8 komanda olacaq – FOTO
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib.
1news.az-ın məlumatına görə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Növbəti mövsüm üçün müvafiq qaydada lisenziya almış klubların sayı nəzərə alınaraq, Premyer Liqanın 2016/2017-ci il mövsümü 8 komandanın iştirakı ilə keçirilsin.
2. AFFA-nın Klublar Komitəsinin təklifinə əsasən, legioner futbolçular üçün klublar tərəfindən ödənilən rüsumun məbləği 5 min AZN müəyyənləşdirilsin. Təmsil etdiyi ölkənin milli komandasının üzvü olan legioner futbolçular sifariş ərizəsinə ödənişsiz daxil olunsun.
3. AFFA-nın Klublar Komitəsinin təklifinə əsasən, intizam qaydalarına uyğun olaraq tətbiq edilən cərimə sanksiyalarının məbləği 20 faiz endirilsin.
4. AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq, futbol veteranı Füzuli Cavadova və Nurəddin Əliyevə AFFA-nın təqaüdü verilsin.
1news.az