4 ay ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 109,7 milyon sərnişin daşınıb
2016-cı ilin yanvar-aprel aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin daşınmış yüklərin həcmi 15707,4 min ton, yük dövriyyəsi isə 3044,8 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsindən 1news.az verilən məlumata görə, yüklərin 10090,7 min tonu və ya 64,2 faizi avtomobil nəqliyyatı, 4233,2 min tonu və ya 27,0 faizi dəmir yolu nəqliyyatı, 1383,5 min tonu və ya 8,8 faizi dəniz nəqliyyatı ilə daşınıb.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 12,3 faiz azalma müşahidə edilib.
Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 24,6 faiz və 43,9 faiz) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 14,4 faizini və ya 2261,9 min tonunu tranzit yüklər təşkil edib.
2016-cı ilin yanvar-aprel aylarında dəhliz vasitəsilə 109,7 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 2211,9 milyon sərnişin-kilometr olub.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 2,2 faiz, sərnişin dövriyyəsi isə 1,1 faiz artıb.
1news.az