Bu gün Azərbaycan məktəblərində “Son zəng”dir
Bu gün Azərbaycanda 2015/2016-cı dərs ilinin başa çatması ilə əlaqədar “Son zəng” günüdür.
1news.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, cari tədris ilində ümumi təhsil müəssisələrinin IX siniflərini 110 222, XI siniflərini 88 591, XII sinifləri isə 856 şagird bitirir. Növbəti 2016/2017-cı dərs ilində isə orta məktəblərin I siniflərinə 164033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.
Təhsil naziri Mikayıl Cabbarov “Son zəng” tədbirlərinin keçirilməsi barədə əmr imzalayıb. Əmrə əsasən “Son zəng” tədbiri iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunur.
Formula-1 yarışı ilə əlaqədar Təhsil Nazirliyinin razılığı ilə Bakının bəzi məktəblərində “Son zəng” tədbirlərinin vaxtı dəyişdirilib. “Son zəng” tədbirləri Bakıdakı 160 nömrəli Klassik Gimnaziya, 6, 7 nömrəli tam orta məktəblər və 132-134 saylı təhsil kompleksində iyunun 13-də keçirilib. Buna səbəb Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə bağlı iyunun 14-dən etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinin tamamilə bağlanmasıdır.
Qeyd edək ki, bu ildən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
1news.az