Ottavada Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi anılıb - FOTO
Kanadanın paytaxtı Ottava şəhərinin Minto Parkında Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin və Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin birgə təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsini yad etmək üçün mərasim təşkil edilib.
1news.az-a Azərbaycanın Kanadadakı Səfirliyindən verilən xəbərə görə, mərasimdə Ottava və Toronto şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri və kanadalı qonaqlar iştirak ediblər.
İlk oncə “Qarabağ” məktəbinin şagirdlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Mübariz İbrahimovun nümayiş etdirdiyi qəhrəmanlıq və cəsurluğun xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd edib. R.Hüseynli vurğulayıb ki, Mübariz təkcə Azərbaycan deyil, bütün dünya türkləri üçün əsl qəhrəmanlıq nümunəsi oldu. Müvəqqəti işlər vəkili Mübarizin haqsızlığa, zülmə, torpaqlarımızın işğalına dözə bilmədiyinə görə təkbaşına düşmən ordusu üzərinə hücum etdiyini, yüzdən artıq düşmən əsgərini məhv etdiyini və sona qədər savaşaraq, 22 yaşında şəhidlik zirvəsinə yüksəldiyini söyləyib. Çıxışının sonunda R.Hüseynli Mübariz İbrahimovun ata və anası üçün geridə buraxdığı qısa məktubu da toplaşanların diqqətinə çatdırıb.
Sonra “Qarabağ” məktəbinin direktoru Vüsalə Əhmədova çıxış edərək, Mübariz İbrahimovun həyatı barədə mərasim iştirakçılarını ətraflı məlumatlandırıb.
Tədbirin sonunda Mübariz İbrahimov başda olmaqla bütün şəhidlərimizin xatirəsini daima yaşatmağın hər biri Azərbaycanlının borcu olduğu barədə fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində qonaqlara və parkda istirahət edən vətəndaşlara Mübariz İbrahimovun həyatı haqqında broşürlər paylanılıb.
1news.az