Azərbaycan Respublikasının müdafiə naziri İran tərəfinə başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 22-də İranın Neyriz bölgəsində avtobusun dərəyə aşması nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması və xəsarət alması ilə bağlı İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqana və dost ölkənin Baş Qərargah rəisi general-leytenant Seyid Həsən Firuzabadiyə başsağlığı ünvanlayıb.
1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata əsasən, başsağlığında bildirilir:
"Dost İran İslam Respublikasının Neyriz bölgəsində avtobusun dərəyə aşması nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.
Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm".
1news.az