Emma Ələkbərzadə estradaya qayıdışı, yeni mahnısı və görünüşü barədə danışdı – AUDİO – FOTO
Qısa yaradıcılıq fasiləsindən sonra Emma Ələkbərzadə estradaya yeni mahnısı və görünüşü ilə qayıdıb.
Müğənni bu yeniliklərlə bağlı 1news.az-a müsahibə verib.
Onun sözlərinə görə, iki ildir ki yeni mahnısı olmayıb.
“Mən ana oldum – mükəmməl anayam. Sonra özümə çəki-düzən verdim və estradaya yeni mahnı ilə qayıtdım. Bu qayıdışa məni yaxın dostum Elruz Fətiyev sövq etdi. O dedi: “Sən formadasan, işlə məşğul ol, bəsdir boş-boş oturdun”. Bunda həm də rəfiqəm – istedadlı bəstəkar Aytən İsmixanovanın və onun “Sənsiz qaldım” mahnısının rolu olub.
İsmayıl Əsədovun aranjman etdiyi kompozisiya, ritmik və yay mahnısıdır, əminəm ki, bu trek izləyəcilərimin zövqünü oxşayacaq. Mahnının yazılışı zamanı sevgili bacım Sevda (əməkdar artist Sevda Ələkbərzadə - red.) mənə yardım edib – “Sənsiz qaldım”-da bek-vokal onundur.
“Gələcək yaradıcılıq planlarımla bağlı öncədən nə isə deməyi xoşlamıram. Ancaq onu deyə bilərəm ki, Peachline şirkəti tərəfindən klip çəkilib və hal-hazırda onun montajı həyata keçrilir”, - deyə müğənni qeyd edib.
“Yeni Emma Ələkbərzadə necədir” sualına müğənni “Əla və möhtəşəm, lakin həmişə olduğu kimi mehriban və zərif”, cavabını verib.
Müğənninin yeni görünüşü üzərində stilist Vüqar Abdullayev və vizajist Səbinə Seyfətdinova işləyiblər.
Şəkillərin müəllifi – fotoqrafçı Fərhad Əlidir.
1news.az