“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının Drezdendə təqdimatı keçirilib - FOTO
İyun ayının 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialının təşəbbüsü ilə “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasının ilk kitabı “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının Alman ictimaiyyəti üçün təqdimatı keçirilmişdir.
Mərkəzdən 1news.az-a verilən məlumata əsasən, tədbirdə Drezden şəhər İcra Hakimiyyətinin nümayəndələri, Saksoniya torpağının deputatları, Drezden Universitetinin professor və tələbə heyəti və Drezden Kitabxanasından nümayəndələr də iştirak etmişdir.
Kitab haqqında qonaqlara ətraflı məlumat verən BBMM-in Drezden filialının icraçı direktoru Dr.Birgit Vaysgerber qeyd edib ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı Azərbaycan ədəbiyyatında “Kitabi-Dədə Qorqud” eposundan “Əli və Nino” romanına qədər olan dövrdəki multikulturalizm məqamlarını özündə əks etdirir.
Bu kitab tezliklə müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılacaqdır. Yaxın zamanlarda “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından olan “Azərbaycan multikulturalizminin siyasi-hüquqi qaynaqları” və “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və publisistik” qaynaqları adlı kitabların da işiq üzü görəcəyi qonaqlara bildirildi.
Tədbirdə iştirak edən qonaqlar multikulturalizm siyasətinin bugünki şəraitdə Avropa və Almaniya ictimaiyyəti üçün zəruriliyini vurğulayaq “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının Alman dilinə də tərcümə olunmasının vacibliyini qeyd ediblər.
Eyni zamanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden şəhərində filialının yaradılmasının Azərbaycan və Almaniya multikulturalizminin birlikdə öyrənilməsi üçün əlamətdar olduğunu bildirən tədbir iştirakçıları, Mərkəzin gələcəkdə təşkil edəcəyi tədbirlərdə də iştirak etmək arzusunda olduqlarını ifadə ediblər.
1news.az