Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, ötən günlər ərzində Balakən-Şəki bölgəsinə yağan lokal leysan xarakterli yağış nəticəsində iyulun 02-də axşam və iyulun 03-də gecə saatlarında Kişçay və Şinçay çaylarından qısamüddətli daşqın keçib. Hazırda həmin çaylarda sabit sululuq müşahidə olunur. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 50-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-90 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, iyulun 04-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 255 m3/s olmaqla ongünlük normanın 85 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 166 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edib.
Ötən günlər ərzində yağan leysan xarakterli yağışlar nəticəsində iyulun 04-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 115 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 230 m3/s olmaqla, ongünlük normanın 157 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 35 m3/s təşkil edərək ongünlük normanın 24 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyulun 04-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Salyanda 5, Bankədə 10 sm azalma qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 324 sm (2015-ci il iyulun 04-də 331 sm), Salyanda 93 sm (2015-ci il iyulun 04-də 85 sm), Bankədə 191 sm (2015-ci il iyulun 04-də 190 sm), Araz çayının Novruzlu məntəqəsində isə 47 sm (2015-ci il iyulun 04-də 42 sm) təşkil edir.
1news.az