İyunda Təhsil Nazirliyinə 16 mindən çox müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon:146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin iyununda vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
1news.az-a nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, qeyd olunan müddətdə 16 min 655 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 12 min 683 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,5 dəfə çox, 2014-cü illə müqayisədə 1,8 dəfə çox, 2015-ci illə müqayisədə 1,7 dəfə çox) daxil olub.
Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 min 972 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1168 sənəd (519 məktub, 476 ərizə, 173 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin yerdəyişməsi və işə qəbulu, ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbulu, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin cümə axşamı (2954 zəng) və çərşənbə axşamı (2769 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə axşamı (957 müraciət), çərşənbə axşamı (792 müraciət) və cümə (791 müraciət) günləri, əsasən, saat 10:00-dan 15:00-dək müraciət edilib.
1news.az