Altı ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 8367,5 milyon dollar təşkil edib
Cari ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 95 ölkəyə məhsul ixrac olunub, 145 ölkədən idxal edilib.
1news.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla cari ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 8367,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 5036,1 milyon dollar, idxalın dəyəri 3331,4 milyon dollar təşkil edib, nəticədə 1704,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Ticarət dövriyyəsinin 41,8 faizi Avropa İttifaqı ölkələri, 12,2 faizi MDB üzvü dövlətləri, 46,0 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.
İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.
1news.az