Qanunsuz yolla sərhəddən 12 min siqaretin keçirilməsinin qarşısı alınıb – FOTO
Tovuz Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə 12 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.
1news.az-ın məlumatına görə, idarəyə daxil olan əməliyyat məlumatı əsasında “Sınıq Körpü” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib. Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan 8 min ədəd siqaret aşkar edilərək götürülüb.
Azərbaycan Respublikası vətəndaşı olan daha bir şəxs isə minik avtomobilində ölkə ərazisinə 4 min ədəd siqaret keçirmək istəyib. Lakin gömrükçülərin sayıqlığı nəticəsində üzərində aksiz markası olmayan siqaretlər “Sınıq Körpü” gömrük postunda aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
1news.az