Şəki III Beynəlxalq şirniyyat festivalına ev sahibliyi edir
Festivallar şəhəri kimi tanınan qədim Şəki bu gün, iyulun 20-də yenidən öz qapılarını beynəlxalq festival iştirakçılarının üzünə açır.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, axşam saatlarında XVIII əsrə aid qədim tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində III Beynəlxalq ənənəvi şirniyyat festivalının təntənəli açılış mərasimi olacaq.
Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən festivalda respublikamızın 20 şəhər və rayonunun, həmçinin 10 ölkənin, o cümlədən Türkiyə, İndoneziya, Fransa, Hindistan, Yunanıstan, Rusiya Federasiyasının Çuvaşıya Respublikası, Özbəkistan, İran, Ukrayna və Qananın şirniyyatçıları iştirak edirlər.
TÜRKSOY tərəfindən Şəki şəhərinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar builki festivalın iştirakçıları arasında türkdilli ölkələrdən gəlmiş qənnadıçılar da var.
“Yuxarı Karvansaray” kompleksinin həyətində təşkil edilən sərgilərdə şirniyyatçılar əvvəlcədən hazırladıqları qənnadı məhsullarını nümayiş etdirəcəklər.
Festival iştirakçılarının təqdim etdikləri şirniyyat nümunələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və fərqlənən şirniyyatçılar mükafatlandırılacaq.
Şirniyyat festivalı konsert proqramı ilə başa çatacaq.
1news.az