Masallı rayonunun Qızılağac kəndinə ilk dəfə təbii qaz verilib
İyulun 21-də Masallı rayonunun Qızılağac kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
1news.az-ın məlumatına görə, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin vitse-prezidentləri Mikayıl İsmayılov, Xalik Məmmədov, “Azəriqaz” İB-nin təmsilçiləri, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
SOCAR prezidentinə məlumat verilib ki, 1153 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 55563 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1153 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Qeyd olunub ki, hazırda Masallı rayonunun daha 13 kəndinin (Öncəqala, Hüseynhacılı, Məmmədoba, II-ci Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Xıl, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndləri) qazlaşdırılması məqsədi ilə tikinti quraşdırma işləri aparılır. Tikintisi başa çatacaq yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
Tədbirdə çıxış edən SOCAR prezidenti R.Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb.
Qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir.
SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
1news.az