Türkiyə prezidenti əsas siyasi partiyaların liderləri ilə görüşüb – FOTO
İyulun 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin əsas siyasi partiyalarının liderləri ilə görüşüb.
1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Prezident Sarayında keçirilən görüşdə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı iştirak ediblər.
Hakim Ədalət və İnkişaf Partiyasının sədri, baş nazir Binəli Yıldırımın da qatıldığı görüş 2 saat 40 dəqiqə davam edib.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının sözlərinə görə, görüş zamanı Ərdoğan hərbi çevrilişə cəhd zamanı demokratiya, qanunun aliliyi və azadlığa verdikləri dəstəyə görə partiya liderlərinə təşəkkürünü bildirib.
“Görüş iştirakçıları razılaşıblar ki, ölkədə fövqəladə vəziyyət dövründə bütün ziddiyyətlər aradan qaldırılmalı və sabitlik naminə dialoq aparılmalıdır”- deyə, İ.Kalın qeyd edib.
1news.az