İrəvanda silahlı şəxslər polis avtomobilini yandırıb
İrəvanda post-patrul xidməti polkunun binasını ələ keçirən silahlı qrup daha bir polis avtomobilini yandırıb.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin başçısı Aşot Aqaronyan məlumat verib.
İyulun 25-də qruplaşma üzvləri “Chevrolet” markalı xidməti polis avtobusunu və minik avtomobilini, bundan bir gün əvvəl isə “Qazel” markalı polis mikroavtobusunu yandırıb.
Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs post-patrul xidməti polkunun binasını ələ keçirərək oradakı insanları girov götürüb. Hücum nəticəsində 1 polis öldürülüb, 6 nəfər, o cümlədən 5 polis əməkdaşı yaralanıb.
Binanı ələ keçirən silahlılar Prezident Serj Sarkisyanın istefasını və “Yeni Ermənistan” radikal müxalif İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edir. Hökumətlə danışıqlardan sonra iyulun 23-də qruplaşma üzvləri əllərində olan son girovları azadlığa buraxıb.
Mövzu ilə əlaqədar oxuyun:
İrəvanda silahlı müqavimətin yeni mərkəzlərini yaratmaqla hədələyirlər - FOTO
İrəvanda keçirilən mitinqdə Ermənistan prezidentinin istefası tələb edilir
İrəvanda kütləvi iğtişaşlar: 16 nəfər həbs olunub, 50 nəfər yaralanıb
Bu arada müxalifət İrəvanda polis hissəsinin radikal qrup tərəfindən ələ keçirilməsi ətrafında sonrakı fəaliyyətini elan etmək üçün mitinqə başlayır. Artıq post-patrul xidməti polkunun ələ keçirilən binasının yerləşdiyi Movses Xorenasi küçəsində yüzlərlə insan toplaşıb. Mitinq iştirakçılarının əsas tələbi silahlı qruplaşmanın qida, rabitə, tibb xidməti ilə təmini, həmçinin ələ keçirilən hissədə elektrik enerjisinin bərpa olunmasıdır. Əks təqdirdə, müxalifət hakimiyyəti nəinki İrəvanda, həmçinin Ermənistanın digər regionlarında da itaətsizlik aksiyası keçirəcəyi ilə hədələyib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti isə öz növbəsində silahlı qrupu yenidən təslim olmağa çağırıb.
1news.az