Azərbaycan Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib
Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.
1news.az Report-a istinadən xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda T.Nəbiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair məhkəmə tərkibinin 2016-cı il 9 fevral tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, İsmayıl İsmayılovun və Güldanə Quliyevanın “JMR” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə məhkəmə tərkibinin 2016-cı il 9 fevral tarixli qərardadı ölkə Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Mülki Prosessual Məcəllənin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Qərara əsasən, ərizəyə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
1news.az