SOCAR Azərbaycana qarşı təxribatın qarşısını aldı - FOTO
Son günlər sosial şəbəkələrdə xarici ölkədə üzərində Azərbaycanın ərazisinin təhrif olunduğu xəritə olan neft suvenirinin satılması ilə bağlı xəbər yayılıb.
1news.az-ın məlumatına görə, xəbərdə hətta həmin suveniri dünyanın aparıcı ölkələrində, o cümlədən dünyanın ən məşhur alış-satış saytlarından olan “ebay”da da satışda olduğu qeyd olunub.
Bununla bağlı açıqlama yayan SOCAR-dan (dövlət neft şirkəti) həmin xəbərin və fotonun təxribat xarakterli olduğunu bildiriblər.
“Apardığımız araşdırmalardan məlum oldu ki, sözügedən şəkilin Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri ilə heç bir əlaqəsi yoxdur.
Şəkili Böyük Britaniyada yaşayan özəl bir satıcı özünün Ebay satış məkanında yerləşdirib. Şəkildə, gördüyünüz kimi, Azərbaycan Respublikasının dövlət ərazisi yalnış göstərilib, həmçinin Azəri-Çiraq-Günəşli yataqlarının ehtiyatları barədə yanlış məlumat təqdim olunub. Belə ki, AÇG neft ehtiyatları 6.4 mrd barel deyil, 9 mrd barel təşkil edir.
Biz şəkildəki məhsulun satıcısına etirazımızı bildirib, şəkildəki yalnış məlumatların silinməsini tələb etdik. Satıcı tələbimizi yaxın günlərdə yerinə yetirməsə, SOCAR tərəfindən müvafiq hüquqi addımlar atılacaq”- deyə, SOCAR-dan bildiriblər.
Qeyd edək ki, SOCAR-ın müraciətinə cavab olaraq Azərbaycanın təhrif olunmuş xəritəsi ilə satılan məhsulun satıcısı qarşı tərəfdən üzr istəyib və sözügedən məhsulu satışdan çıxarıb. Artıq həmin məhsulu Ebay-də əldə etmək də mümkün deyil.
1news.az