Penitensiar Xidmət: 148 məhkum əfv edilib, 277 məhkumun sənədləri məhkəməyə göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Penitensiar Xidmət: 148 məhkum əfv edilib, 277 məhkumun sənədləri məhkəməyə göndərilib

15:38 - 01 / 08 / 2016
Penitensiar Xidmət: 148 məhkum əfv edilib, 277 məhkumun sənədləri məhkəməyə göndərilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2016-cı ilin birinci yarımilliyi ərzindəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.

1news.az-a Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş, 10 minə qədər məhkumu əhatə edən, o cümlədən 3500 nəfərin azadlıqdan məhrumetmə yerlərindən azad edilməsini nəzərdə tutan Milli Məclisin 20 may 2016-cı il tarixli Amnistiya Qərarı Penitensiar xidmət üzrə 2800-ə yaxın məhkuma tətbiq edilib, 2500-dən artıq məhkum cəzadan azad olunub və hal-hazırda Qərarın icrası davam etdirilir.

Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov bildirib ki, 2016-cı ilin birinci yarımilliyi ərzində dövlət başçısı tərəfindən 17 mart 2016-cı il tarixdə imzalanmış 148 məhkumun əfv edilməsi ilə bağlı sərəncam vaxtında icra edilib. Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı Azərbaycan Respublikasının 06 may 2016-cı il tarixli Qanununun icrası davam etdirilir. Qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən edilib, penitensiar müəssisələrdə cəza çəkən 277 məhkum barədə sənədlər məhkəmələrə təqdim olunub.

Həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində hesabat dövründə 265 mobil telefon, 159 qram müxtəlif narkotik və psixotrop maddələr, 23 litr spirtli içki hazırlanması məqsədilə istifadə olunan qıcqırdılmış maye aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub.

Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 265 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib.

Müşavirədə Penitensiar Xidmətin ayrı-ayrı idarə rəisləri və cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışı dinlənilib.

1news.az

Paylaş:
593

Son xəbərlər

Bütün xəbərlər