ABŞ Dövlət Departamentinin 2016-cı il üçün Maliyyə Şəffaflıq Hesabatı: Azərbaycan əhəmiyyətli tərəqqi əldə edib
ABŞ Dövlət Departamentinin 2016-cı il üçün Maliyyə Şəffaflıq Hesabatı təqdim edilib.
Hesabatın Azərbaycanla bağlı bölməsində bildirilir ki, nəzərdən keçirilmiş müddət ərzində Hesablama Palatası tərəfindən hazırlanmış rəy hesabatlarında planlaşdırılan xərclər, o cümlədən dövlət müəssisələrinə ayrılmalar haqqında müfəssəl məlumatlar dərc etməklə bu ölkə əhəmiyyətli tərəqqi əldə edib. Həmin müddətdə büdcə sənədləri ictimaiyyətə təqdim olunub və burada hökumətin gəlirləri, o cümlədən təbii sərvətlərdən daxil olan gəlirlər haqqında əhəmiyyətli dərəcədə dolğun məlumat öz əksini tapıb.
Hesabatda Azərbaycanın ali yoxlama qurumu olan Hesablama Palatasının dövlət müəssisələrinə ayrılmalar haqqında daha ətraflı məlumatı dərc etməyə başladığı qeyd edilib. Bütün dövlət müəssisələrinin audit yoxlamasından keçmiş hesabatlarının internet vasitəsilə geniş ictimaiyyətə təqdim edildiyi vurğulanıb.
Diqqətə çatdırılıb ki, büdcə sənədlərində təqdim olunmuş informasiya ümumilikdə etibarlı olub. Ali yoxlama qurumu tərəfindən hökumətin illik icra olunmuş büdcəsinin bir hissəsi yoxlanılıb və qurumum hesabatları müvafiq müddət ərzində geniş ictimaiyyətə təqdim edilib.
Hesabatda bir sıra tövsiyə xarakterli məsələlər də əksini tapıb.
AZƏRTAC