Qazaxıstan dəmir yollarının rəhbərliyi yeni Bakı Limanına səfər edib
“Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin prezidenti Askar Maminin rəhbərliyi altında nümayəndə heyəti bu gün Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına işgüzar səfər edib.
1news.az-ın verdiyi xəbərə görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov limanın fəaliyyət prinsipləri, burada tətbiq olunan və dünya standartlarına cavab verən prosedurlar barədə danışıb.
Qeyd olunub ki, yüklərin qeydiyyatı operativ şəkildə, minimim bürokratik gecikmə ilə qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. Yeni Bakı Limanında xarici sürücülərin dincəlməsi üçün müvafiq şərait yaradılıb, liman və bank xidmətləri isə günün 24 saatı işləyir.
Qonaqların diqqətinə çatdırılıb ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə yük daşımanın həcmi 30 faizdən çox artıb. Tranzit yüklərin əsas artım istiqaməti Bakı-Aktau və əks istiqamətdə qeydə alınıb. Belə ki, iri həcmli nəqliyyat vasitələri və digər avtomobillərin 53%, TEU ekvivalentində konteynerlərin isə 20 faizi Bakı-Aktau-Bakı istiqamətində baş tutub.
“Qazaxıstan Dəmir Yolları” səhmdar cəmiyyətinin prezidenti Askar Mamin Azərbaycanla əlaqələrə xüsusi diqqət ayırdıqlarını qeyd edib. Onun sözlərinə görə həm Aktau limanı, həm də inşası həyata keçirilən Kurık limanı Xəzər dənizində yük daşımanın həcminə müsbət təsir göstərəcək. Buradan yeni Bakı Limanına hərəkət edəcək mövcud və yeni bərələrdən istifadə olunacaq. Ən əsası isə Kurik ətrafında yeni Bakı Limanında olduğu kimi Azad Ticarət Zonası yaradılıcaq. Gözlənilir ki, təkcə Kurik limanı gündə 5 bərəyə xidmət göstərərək, ildə əlavə 4 milyon ton yükün aşırılmasını təmin edəcək. Bununla da ümumiyyətlə Çinlə Avropa birləşdirən Yeni İpək Yolu boyunca hərəkət edən yükün həcmi artmış olacaq.
Xatırladaq ki, Qazaxıstanın baş nazirinin müavini Bakitjan Saqintayev cari ilin fevral ayının 15-də yeni Bakı Limanın fəaliyyət prinsipləri ilə tanış olmaq üçün Azərbaycana rəsmi səfərə gəlmişdir. Həmin dövrdən başlayaraq, Bakı və Aktau limanlarıının əməliyyat prinsiplərinin sinxronlaşdırlması üçün qarşılıqlı səfərlər, təcrübə mübadiləsi həyata keçirilir.
Mövzu ilə əlaqədar oxuyun:
Qazaxıstanın baş nazirinin müavini Azərbaycana gəlib
1news.az