Azərbaycanda bahalı telefonları kimlər işlədir? – Facebook Statistikası
Xəbər vermişdik ki, “Facebook” sosial şəbəkəsinin dünya üzrə aylıq istifadəçi sayı 1,7 milyarda çatdı.
1news.az xəbər verir ki, Azərbaycan istifadəçiləri bunun mində birini təşkil edir – 1,7 milyon.
Ölkədə bu qədər istifadəçi sayının olması və həmçinin Facebook’un digər sosial şəbəkələrə nisbətən daha çox əhatə dairəsinin olması bizə imkan verir ki, bu sosial şəbəkədən maraqlı məlumatlar əldə edək.
Sosial media üzrə mütəxəssis Orxan Rzayev “Facebook”un son hesabatına əsasən hazırladığı yazıda Azərbaycan əhalisinin hansı təbəqəsinin hansı növ telefon istifadə etdiyini araşdırıb.
Araşdırmaya hazırkı bazar qiyməti 800 AZN-dən yuxarı olan 7 smartfon daxil edilib (iPhone 6S Plus, iPhone 6S, iPhone 6 Plus, iPhone 6, Samsung Galaxy S7, Samsung Galaxy S6, Galaxy Note 5).
“Facebook”un avqust ayına olan statistikasına görə hazırda Azərbaycanda 1,04 milyon nəfər “Facebook”a Android əməliyyat sistemli smartfonlarla, 300 min nəfər isə iOS əməliyyat sistemli smartfonlarla daxil olur. Android istifadəçilərinin 700 mini kişilər, 340 mini isə qadınlardır. iOS istifadəçilərinin 190 minini kişilər, 110 minini qadınlar təşkil edir.
Ən bahalı üç “Samsung Galaxy” smatfonlarına nəzər salaq. Samsung Galaxy S6 ilə “Facebook”a daxil olanların sayı 13 700 nəfərdir (8 300 kişi, 4 500 qadın). Bu rəqəm “Samsung Galaxy S7”də 2400 nəfər (1 700 kişi, 700 qadın), “Samsung Galaxy Note 5”də isə 2000 nəfərdir (1 200 kişi, 800 qadın).
“Apple” smartfonlarında isə, “iPhone 6 ilə “Facebook”a daxil olanların sayı 58 min nəfər, “iPhone 6 Plus” ilə 7 300 nəfər, “iPhone 6S” ilə 17 300 nəfər, “iPhone 6S Plus” ilə 2 500 nəfər təşkil edir. Cədvələ baxdıqda maraqlı bir fakt görünür ki, həm “iPhone 6 Plus”, həm də iPhone 6S Plus istifadəçi sayında qadınlar üstünlük təşkil edir.
Yaş qruplarına görə smartfon istifadəsində maraqlı rəqəmlər ortaya çıxır. Belə ki, həm Android, həm də iOS istifadəçiləri arasında 21-30 yaş arası insanlar böyük üstünlük təşkil edir. Ümumilikə baxdıqda, Android istifadəçiləri arasında 30 yaşadək olan istifadəçi sayı, ümumi göstəricinin 67%-ni, iOS istifadəçiləri arasında 30 yaşadək olan istifadəçi sayı isə, ümumi göstəricinin 65%-ni təşkil edir.
Android və iOS istifadəçilərinin yaş qruplarına görə nisbəti ABŞ istifadəçiləri ilə müqayisə edilib. Əsas fərq – ABŞ-da 41 yaşdan yuxarı istifadəçi nisbəti ümumi istifadəçilərin 39% (Android) və 40%-ni (iOS) təşkil edir. Azərbaycanda isə bu göstərici 13%-dir. Həmçinin ABŞ-da 30 yaşadək istifadəçilər ümumi istifadəçilərin 38%-40%-ni təşkil edir ki, yuxarıda qeyd etdiyimiz kimi bizdə bu rəqəm 65%-dir.
Bir daha qeyd edək ki, göstərilən rəqəmlər “Facebook”un verdiyi məlumatlara əsaslanıb və ölkədəki Android və iOS istifadəçilərinin dəqiq sayını göstərmir.
1news.az