“Azneft” ilin sonuna kimi 72 quyu qazacaq
“Azneft” İstehsalat Birliyində 2016-cı ilin birinci yarımili üzrə istehsalat göstəricilərinə dair iclas keçirilib.
1news.az-ın məlumatına görə, Birliyin baş direktorunun qazma, quyuların təmiri və nəqliyyat işləri üzrə müavini Rüstəm Zeynalov məruzəsində həyata keçirilən qazma işləri haqqında məlumat verərək bildirib ki, cari ilin əvvəlindən 34 quyuda qazma işlərinə başlanılıb, 26 quyuda qazma işləri yekunlaşıb, 28 quyu isə tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. O, 2016-cı ildə 72 quyunun qazılmasının nəzərdə tutulduğunu qeyd edib.
Kapital qoyuluşları və layihələrin idarə olunması barədə məlumat verən baş direktorun tikinti işləri üzrə müavini Əlimusa Quliyev 2016-cı il ərzində 204 obyektdə cari, 15 obyektdə isə əsaslı təmir işlərinin həyata keçirildiyini diqqətə çatdırıb, 9 özüldə tikinti işlərinin davam etdirildiyini söyləyib.
Əməyin mühafizəsi üzrə baş direktorun müavini Cəlair Səmədov istehsalat obyektlərində əməyin mühafizəsi sahəsində görülmüş işlərdən söz açıb, işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, maarifləndirmə işlərindən danışıb, neftçilərin təhlükəsizliyinin təmin olunmasının Birlik üçün ən vacib amillərdən biri olduğunu vurğulayıb.
“Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov tədbirə yekun vuraraq neft-qaz hasilatının artırılması üçün bütün sahələrdə tətbiq edilən yeni metodların əhəmiyyətini vurğulayıb, qazma, tikinti və texniki təhlükəsizlik sahələrində mütəmadi olaraq tədqiqatlar aparılmasının vacibliyini, Birlik tərəfindən qazma prosesinə nəzarət olunması üçün obyektlərə təyin olunmuş mütəxəssislərin keyfiyyətli quyu təhvil alınmasında böyük rol oynayacağına ümidvar olduğunu bildirib.
O, texniki təhlükəsizlik baxımından istehsalat sahələrinin mütəmadi yoxlanılmasının vacibliyini, həmçinin bu ilin sonuna kimi işçilərin fəaliyyətinin qiymətləndiriləcəyini və bu qiymətləndirmə əsasında karyera yüksəlişinin mümkün olacağını qeyd edib, hər bir işçi barəsində məlumat bazasının yaradılacağını, il ərzində işçilərin performans dərəcələndirilməsinin aparılacağını söyləyib.
1news.az