ADIF: Bağlanan 4 bankın əmanətçilərinə 10 milyon manata yaxın kompensasiya ödənilib
1 avqust 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.
1news.az-a ADIF-dan verilən xəbərə görə, 2 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 4 248 753 manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 3 862 356 manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 1 047 294 manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 763 466 manatdan artıq kompensasiya ödənilmişdir. Ümumilikdə 4 bank üzrə 9 921 869 manatdan artıq kompensasiya ödənilib.
Nəzərinizə çatdırmaq istərdik ki, 25 iyul 2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq “Dekabank” ASC, “Kredobank” ASC və “Zaminbank” ASC-nin baş ofisinə, “Parabank” ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.
Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər 1 avqust 2016-cı il tarixindən etibarən sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.
Fond məlumat üçün bildirir ki, 01 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3 % həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.
2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hərbir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.
Əmanətçilər onlara lazım olan məlumatları Əmanətlərin Sığortalanması Fondunun rəsmi veb səhifəsindən : www.adif.az əldə edə bilər, Fondla 941 saylı qaynar xətt, və ya 596 65 91/92 nömrələri vasitəsilə əlaqə yarada bilərlər.
Mövzu ilə əlaqədar oxuyun:
Azərbaycanda daha dörd bankın lisenziyası ləğv olunub - YENİLƏNİB
ADIF: Bağlanan 4 bankın əmanətçilərinə 5 milyon manata yaxın kompensasiya ödənilib
1news.az