Tam Yeni Hyundai Elantra Azərbaycanda “İlin kompakt sedanı” seçildi - FOTO
5-7 avqust tarixlərində Qəbələ şəhərində Azərbaycanda yeganə avtomobil sərgisi - “Qafqaz Motorşou - 2016” (Caucasus Motorshow - 2016) baş tutdu.
Böyük maraqla qarşılanan sərgidə rəsmi avtomobil idxalçıları, distributor və dilerlər ən son modelləri nümayiş etdirdilər, sərgi iştirakçılarına sınaq sürüşü imkanı yaratdılar. Bundan başqa, gözəllik müsabiqəsinin, iştirakçılar arasında kartinq yarışmalarının, müxtəlif uduşlu viktorinaların, konsert proqramlarının təşkil olunduğu sərgi sakinlərin və qonaqlarının istirahətinə əlavə rəng qatdı.
14-cü dəfə keçirilən sərginin ənənəsinə uyğun olaraq, ekspert sorğusunun nəticələrinə əsasən, “İlin avtodileri”, “İlin avtoservisi”, “Ən uğurlu marketinq siyasətinə görə”, “İlin təklifi”, “İlin debütu”, “İlin minik avtomobili”, “İlin SUV avtomobili”, “İlin ailə avtomobili (miniveni)”, “İlin idman avtomobili (idman kupesi)”, “İlin kommersiya avtomobili” nominasiyalarında müəyyən olunmuş qaliblər mükafat aldılar.
Hyundai markasının Azərbaycanda rəsmi distribütoru “Avto Azərbaycan” şirkəti də “Qafqaz Motorşou - 2016”da iştirak edib. Sərgidə Hyundai-ın 4 modeli – Tam Yeni Elantra, Tucson, Genesis və Sonata modelləri nümayiş olunub. Bir çox sərgi iştirakçısı yeni Elantra modelini sürərək sınaqdan keçiriblər.
Sərgi “Avto Azərbaycan” şirkəti üçün yaddaqalan olub. Tam Yeni Hyundai Elantra, “Caucasus Motorshow – 2016” avtomobil sərgisində “İlin kompakt sedanı” mukafatını qazanıb.
Ekspert sorğularına əsasən, Tam Yeni Hyundai Elantra-ya bu mükafatı alması tam doğrudur. Belə ki, Elantra modeli Hyundai-ın dünyada ən çox satılan modelidir. Elantra Azərbaycanda da ən çox sürülən avtomobillərdən biridir. Modelin bu ilin mart ayında Azərbaycanda möhtəşəm təqdimatı baş tutub. Altıncı nəsil Hyundai Elantra yeni görünüşü, təchizatı və daha güclü mühərriki ilə önə çıxır. Yeni Elantra əvvəlki modeldən 20 millimetr daha uzun və 25 millimetr daha geniş olması ilə diqqət çəkir. İstehsalçı bu sayədə sərnişinlərə daha geniş bir sahə açır. Avtomobildə əvvəlki modellə müqayisədə daha yumşaq və keyfiyyətli materialların istifadə olunub. Daha qəşəng görünüşlə qarşımıza çıxan bu avtomobil, ölkəmizdə iki təchizat variantı ilə satışa təqdim olunur.
Qeyd edək ki, dünyanın ən geniş bazar seqmenti olan kompakt sedan seqmentində önə çıxmaq asan məsələ deyil. Qərbin bir çox məşhur avtomobil istehsalçıları bu seqmentdə çoxdan təmsil olunurlar. Onların arasından ən yaxşı kimi seçilmək avtomobildə mühüm texnoloji yeniliklər etməyi tələb edir. Tam Yeni Hyundai Elantra hər cəhətdən nöqsansız detalları və təqdim etdiyi rahatlıqla tamamilə başqa bir dünya vəd edir.
Qeyd edək ki, “Qafqaz Motorşou - 2016” sərgisi Azərbaycanda avtomobil dünyasının parlaq hadisələrindən biridir. 2003-cü ildən başlayaraq artıq 14-cü dəfə keçirilən sərgini Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) və “Autograph” TV proqramı təşkil edir.
Təşkilatçıların fikrincə, bu forumun əsas missiyaları ölkədə sivil avtomobil sektorunun inkişafına töhfə vermək, ən müasir avtomobilləri nümayiş etdirmək, gənclər arasında texniki idman növlərinə marağı artırmaq, regionda avtoturizmin və turizmin inkişafına xidmət və əhalinin maraqlı istirahətinin təşkilidir.