Fuad Muradovdan İrana sərt ismarıc: “Bir daha...”
İran İslam Respublikasında ermənilərin idman olimpiadası keçirilməsi və qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndələrinin bu yarışlarda iştirak etməsi Azərbaycanda ciddi etirazla qarşılanıb.
Baxmayaraq ki, İranın Azərbaycandakı səfirliyindən bildirilib ki, İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili bir tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq keçirilib.
Hətta guya yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı bu yarışlarda qonaq qismində iştirak etmək üçün dəvət edib. Bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştiraka dəvət edilməyib.
Səfirlik iddia edib ki, hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılşadırılmadan həyata keçirilib.
Səfirliyin bu açıqlaması da Azərbaycan cəmiyyətində sakitlik yaratmayıb.
Məsələ ilə bağlı Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov 1news.az-a açıqlama verib.
Komitə sədri qeyd edib ki, Azərbaycanla İran arasında tarixi münasibətlər yüksək səviyyədədir və belə arzuolunmaz məqamlar iki ölkə arasındakı münasibətlətə mənfi təsir göstərə bilməz:
“Azərbaycana dost ölkə olan İranın siyası dairələrindən bu kimi məsələlərin bir daha təkrarlanmaması üçün ciddi addımlar gözləyirik. Çünki burada Azərbaycan-İran münasibətlərini pozmağa çalışan qüvvələrin rolu olduğunu da danmaq olmaz. Son vaxtlar Azərbaycan-İran münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi heç şübhəsiz ki, bir çox dairələri narahat edir. Görünür həmin qüvvələr ələ düşən hər fürsətdən istifadə etmək istəyirlər. Ancaq buna nail ola bilməyəcəklər. İran Azərbaycan üçün qonşu, tarixi dost və müttəfiq dövlətidir, ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəkləyib”.
Komitə sədri diqqəti bu ilin yayında keçirilən RİO Olimpiyada oyunlarına da çəkib və qeyd edib ki, erməni idmançı həmin yarışlarda da təxribat törədib, seperatçıları təbliğ edib:
“Çox təəssüf ki belə destruktiv hərəkətlərə Beynəlxalq Olimpiya Komitəsi adekvat reaksiya vermədi və buna görə də az qala bu kimi hallar bir tendensiya halını alıb. Və hesab edirəm ki, terrorçuluğu təbliğ edənlərə imkan yaradan ölkələr özləri bundan əziyyət çəkəcəklər”.
F.Muradov deyib ki, bu gün İranda milyonlarla azərbaycanlı yaşayır və Ermənistanın Qarabağı işğal etməsi nəticəsində İrandakı azərbaycanlıların xeyli sayda qohum-əqrabası şəhid olub:
“Düşünürəm ki, belə məsələlər İrandakı azərbaycanlıların hesiyyatına toxuna bilər. İran öz vətəndaşlarının bu hala düşməsinin təbii ki, istəməz. Əgər xatırlayırsınızsa, İranın “Traxtor” futbol klubunun oyunu zamanı stadionda Azərbaycan bayrağının qaldırılması təşkilatçılarda ciddi narazılıq yaratmışdı. Hər halda gələcəkdə İran tərəfinin bu kimi həssas məqamları nəzərə alacağına bizdə əminlik var. Təbii ki, baş verən hadisəni İranın daxili işi kimi dəyərləndiririk. Ancaq orada Azərbaycan torpaqlarını işğal etmiş separatçıların öz qondarma bayraqları ilə çıxış etməsi biz tərəfdən məqbul hesab edilə bilməz. İnanmaq istəyirik ki, bir daha belə xoşagəlməz hallar baş verməyəcək. Azərbaycan-İran münasibətləri bundan sonra da inkişaf edəcək”.
1news.az