Ağır sənaye sektorundakı tədbirlər ÜDM-də 1,6 mlrd. manat artıma səbəb ola bilər - Strateji Yol Xəritəsi
Azərbaycan Respublikasında Ağır sənaye və maşınqayırma sektoru üzrə bu Strateji Yol Xəritəsi açıqlanıb.
1news.az xəbər verir ki, strateji yol xəritəsinin məqsədləri üçün aşağıdakı sahələr ağır sənaye və maşınqayırma sektorunda prioritet kimi götürüləcək: mədənçıxarma (neft-qaz sektoru istisna olmaqla), metallurgiya, bəzi tikinti materialları (məsələn, sement) istehsalı, neft-qaz və kənd təsərrüfatı maşınqayırması kompleksi, elektrik avadanlıqlarının istehsalı, maşınqayırma sektorunda xidmət müəssisələrinin fəaliyyətinin inkişafı.
Strateji yol xəritəsinin icrası nəticəsində sənayenin strukturu təkmilləşdiriləcək, qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək, ağır sənaye və maşınqayırmanın sənayedə və məşğulluqda payı artacaq, ümumi iqtisadi potensial 2020-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması üçün hazır vəziyyətə gətiriləcək, yəni mövcud resurslardan optimal istifadəyə və müəssisələrdə səmərəli istehsal metodlarının tətbiqinə başlanacaq. Müəssisələrin rəqabət qabiliyyətinə təsir edən amillər (məsələn, standartlar, texniki tənzimlənmə, kadr potensialı, innovasiyaların təşviqi, əqli mülkiyyət və s.) üzrə ciddi irəliləyiş əldə olunacaq, onlar ənənəvi məhsul bazarında yerli iri sifarişçilərin ehtiyaclarını qarşılayacaq.
Strateji yol xəritəsinin icrasının 2020-ci ildə real ÜDM-də 1,56 mlrd. manat artıma, sənayedə 7700 daimi yeni iş yerinin yaradılmasına səbəb olacağı proqnozlaşdırılır.
2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış aşağı və orta dəyər məhsulları seqmentinin əksər hissəsində dəyər zəncirinin yerli imkanlar hesabına formalaşdırılması, ölkə müəssisələrinin regional baxımdan tam rəqabətqabiliyyətli vəziyyətə gətirilməsi və Azərbaycanın regionun ağır sənaye və maşınqayırma mərkəzinə çevrilməsidir.
Ortamüddətli perspektivdə ağır sənaye və maşınqayırma sənayesində nəzərdə tutulan tərəqqiyə nail olmaq üçün 2025-ci ilədək sənaye sahəsində aktivlərin və təbii resursların tam şəkildə istismarı təmin ediləcək, müəssisələrdə səmərəli iş təcrübəsinin tətbiqi tam həcmdə həyata keçiriləcək. Dəyər zəncirinin bütün mərhələlərində məhsul istehsalında boşluqların aradan qaldırılması ölkənin təbii sərvətlərindən səmərəli istifadə üçün başlıca amil olacaq. Azərbaycanda fəaliyyət göstərən müəssisələr səmərəlilik nöqteyi-nəzərindən qonşu ölkələr üçün model müəssisə kimi çıxış edəcək.
Səmərəli iş təcrübələrinin və bacarıqların tətbiqi sahəsində 2025-ci ilədək planlaşdırılan hədəflərə nail olmaqla, ölkədə ortamüddətli perspektivdə təlim mərkəzlərinin və peşə təhsili müəssisələrinin sənaye müəssisələri ilə əlaqələndirilmiş fəaliyyəti təmin ediləcək.
İdxaldan asılılıq ciddi şəkildə azaldılacaq, dəyər zəncirinin aşağı və orta dəyər gətirən hissələrində tələbat yerli məhsullar hesabına ödəniləcək. Eyni zamanda, 2025-ci ilə qədər dəyər zəncirinin daha yüksək gəlir gətirən hissələrində bəzi seçilmiş mallara tələbatın yerli məhsullar hesabına tam ödənilməsi məqsəd kimi müəyyən edilib. Bu məqsədlə, yüksək dəyər məhsullarının fokus qrupları müəyyənləşdiriləcək və müvafiq istiqamətdə yerli istehsal gücləri yaradılacaq. Bundan başqa, regional tələbatın yüksək olduğu maşın və avadanlıq komponentlərinin istehsalına şərait yaradılacaq.
Azərbaycan ağır sənaye və maşınqayırma sahəsinin dəyər zəncirində, xüsusilə də neft-qaz sektorunda iştirakını təmin etməklə regional istehsalçıya çevriləcək. Yerli müəssisələr daxili və regional bazarda maliyyə baxımından gücləndikcə və təcrübə topladıqca, 2025-ci ildən sonrakı dövrdə həmin məhsulların digər regional bazarlara ixracı imkanlarını əldə edəcəklər. Müxtəlif stimullaşdırıcı mexanizmlər tətbiq edilməklə, 2025-ci ilə qədər investisiya üçün daha əlverişli mühitin yaradılmasına nail olunacaq. Əsas prioritet özəl sektorun sənayedə iştirakının artırılması olacaq.
2025-ci ildən sonrakı dövr üçün hədəf baxış Azərbaycanın ağır sənaye və maşınqayırma müəssisələrinin qlobal dəyər zəncirinin tərkib hissəsinə çevrilərək yüksək dəyər məhsulları seqmentində məşhur brendlərin istehsalında iştirak etməsinə və Azərbaycandan qonşu ölkələrə texniki bilik, “nou-hau”, səmərəli istehsal və idarəetmə metodları ixracına nail olmaqdır.
Uzunmüddətli perspektivdə Cənubi Qafqaz regionunda dəyər zəncirinin ən yüksək seqmentlərində çalışan şirkətlər Azərbaycanda fəaliyyət göstərəcəklər. Bu məqsədə nail olmaq üçün xarici investisiyaların dəstəklənməsi ilə yanaşı, sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə zəruri maliyyə və texnologiya dəstəyinin göstərilməsi siyasəti davam etdiriləcək. Qlobal dəyər zəncirində iştirak üçün ağır sənaye və maşınqayırma sektoruna investisiyaların stimullaşdırılmasının dörd istiqaməti müəyyənləşdiriləcək: kapital və digər maliyyə stimulları veriləcək, sənaye şirkətlərinin nizamnamə kapitalına vençur investisiyalar cəlb ediləcək, yerli müəssisələr rəqabətli qiymətlərlə əsas materiallarla təmin ediləcək, müxtəlif vergi güzəştləri tətbiq ediləcək.
Yüksək gəlir gətirən sahələrə investisiya qoyuluşu nəticəsində uzunmüddətli perspektivdə resurstutumlu əmtəə istehsalından innovativ yüksək texnologiyalar əsasında hazırlanan məhsul istehsalına keçid təmin olunacaq.
Yuxarıda qeyd edilən uzunmüddətli məqsədlərin dayanıqlılığı üçün yüksəkixtisaslı işçi qüvvəsinin hazırlanması təmin ediləcək. Qonşu ölkələrə bilik və bacarıqlar ixrac ediləcək və Azərbaycan yüksək səviyyəli peşə təhsili müəssisələrinə malik region ölkəsinə çevriləcək.
Bu dövrdə dəyər zənciri boyu ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün ağır sənaye və maşınqayırma sahəsi iqtisadiyyatın təməl sütunlarından birinə çevriləcək. 2020-ci ilədək bu məqsədlərə nail olmaq üçün nəzərdə tutulmuş ilkin aralıq hədəflər aşağıdakı kimi müəyyən edilib:
- ağır sənaye sahəsində əmək məhsuldarlığının 20 faizədək artırılması;
- məhsul istehsalında zay məhsul istehsalının 17 faiz azaldılması;
- 2020-ci ilədək fəaliyyət göstərməyən ən azı 5 müəssisənin işə salınması və
rəqabət qabiliyyəti zəif olan 10 müəssisənin istehsal yönümünün dəyişdirilməsinə
nail olunması;
- yeni dəmir filizi çıxarma və polad emalı zavodunun tikilməsi;
- ağır sənaye üzrə yerli məhsulların keyfiyyətinin idxal edilən məhsulların
keyfiyyətindən əsaslı şəkildə fərqlənmədiyi hallarda cari idxalın 20 faizinin yerli
istehsal ilə əvəz edilməsi;
- kənd təsərrüfatı avadanlıqlarının istehsalı üçün idxal olunan hissələrin 65 faiz
azaldılması;
- qazma avadanlıqlarının istehsalı üçün idxal olunan hissələrin ümumi bazardakı payının 45 faizə qədər azaldılması.
1news.az