Mədəniyyət və Turizm Nazirliyində yoxlama aparılıb
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Palatadan 1news.az-a verilən məlumata görə, iclasda dövlət büdcəsindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə dövlət büdcəsindən və "Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu"ndan ayrılan vəsaitlər üzrə xərclərin proqnozlaşdırılması və icrasına dair; dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Quba Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair; dövlət büdcəsindən Ağdaş rayon Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib. İclasda cari məsələlərə də baxılıb.
1news.az