Azərbaycanda vergi sistemində “Advance tax ruling” tətbiq ediləcək
“Bəzi hallarda sahibkarlar tərəfindən vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsi vergiödəyicilərinin əlavə maliyyə sanksiyalarına məruz qalması ilə nəticələnir”.
1news.az xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov Azərtac-a mnüsahibəsində bildirib.
Onun sözlərinə görə, vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması qaydasının (“Advance tax ruling”) müəyyən edilməsi nəzərdə tutulur.
Nazir deyib ki, bu sistem inkişaf etmiş ölkələrdə istər fərdi sahibkarlar, istərsə də iri şirkətlər üçün geniş istifadə edilən səmərəli alətlərdəndir:
“Bu zaman vergiödəyicilərinin müraciəti əsasında vergi orqanları qanunuvericilikdə nəzərdə tutulmuş qaydada həmin sahibkarlıq subyektinin əməliyyatları üzrə yarana biləcək vergi öhdəliyi barədə məlumat hazırlayaraq ona təqdim edirlər. Bu isə sahibkarı maliyyə itkilərindən sığortalayır, risklərini minimallaşdırır, dövriyyə vəsaitindən səmərəli istifadə etməyə və biznesi planlaşdırmağa imkan verir”.
F.Məmmədov “Nağdsız hesablaşmalar haqqında” qanun layihəsi barədə deyib ki, bu sahədə biz hələ də dünyanın əksər ölkələrindən, o cümlədən qonşu Türkiyədən, hətta bir sıra MDB ölkələrindən geri qalırıq:
“Nağdsız ödənişlərin həcminin artırılması, ilk növbədə, pul dövriyyəsinin tənzimlənməsinə müsbət təsir göstərməklə yanaşı, maliyyə sektorunda kifayət qədər canlanma yaradacaq, vergidən yayınma hallarının azalmasına gətirəcək və təbii ki, həm də vergi daxilolmalarının artmasına birbaşa təsir edəcək.
Burada bir neçə mühüm məqamı qeyd etmək istərdim.
Qanuna əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən hesablaşmaların nağd qaydada aparılması ay ərzində 30 min manatadək, digər vergiödəyiciləri tərəfindən isə ay ərzində 15 min manatadək məhdudlaşdırılır”.
Nazir bildirib ki, vergi ödəyiciləri tərəfindən bəzi hallarda, məsələn, kənd təsərrüfatı məhsullarının istehsalçılarından məhsulların alınması və s. kimi hallarda vergiödəyicisi olmayan fiziki şəxslərdən malların nağd qaydada satın alınmasına icazə verilir.
Fərid Ədalət