Rövnəq Abdullayev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rövnəq Abdullayev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

20:48 - 28 / 12 / 2016
Rövnəq Abdullayev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

SOCAR-dan 1news.az-a verilən məlumata görə, R. Abdullayev Azərbaycanla İran arasında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən sıx əməkdaşlığın ildən-ilə genişləndiyini, xüsusilə neft-qaz sektoruna daxil olan qurumlar arasında əlaqələrin inkişafı üçün səylərin intensivləşdiyini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edib. SOCAR-ın İran şirkətləri ilə əlaqələrinə toxunan R. Abdullayev neft sənayesi mütəxəssislərinin işgüzar münasibətlərinin vacibliyini qeyd edib.

Azərbaycan-İran əməkdaşlığının inkişaf tempini yüksək qiymətləndirən M. Vaezi iki ölkənin neft-qaz sektorunda səmərəli fəaliyyətini, bu sahədə zəngin təcrübəyə malik olduqlarını və həmin təcrübənin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial yaratdığını bildirib. Qonaq Azərbaycan-İran biznes-forumunun ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

SOCAR prezidenti ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən, enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu söyləyib, neft-qaz sənayesində əməkdaşlığın iki ölkənin iqtisadi inkişafına daha böyük töhfələr verəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
723

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər