Bu il sahibkarlara 190 milyon manata yaxın dövlətin güzəştli kreditləri verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair bu ilin sonuncu işgüzar forumunu bu gün Xırdalan şəhərində keçirib.
1news.az-ın məlumatına görə, 150-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, müasir istixana kompleksinin, zeytunçuluq və badamçılıq təsərrüfatlarının, ət-sümük unu və tara istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, bu investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun 2016-cı il ərzində fəaliyyəti, güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhərində və onun qəsəbələrində həyata keçirilən layihələr barədə forum iştirakçılarına məlumat verib. Bildirilib ki, bu il 2500-ə yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 190 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 8100-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
Güzəştli kreditlərin 74%-i respublikanın regionlarının, 26%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. Verilən kreditlərin 82,3%-i aqrar sektorun, 17,7%-i sənaye və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlər müasir heyvandarlıq və istixana kompleksləri, logistik mərkəzlər, ixtisaslaşdırılmış “yaşıl market”, çörək zavodları, iri fermer, quşçuluq və intensiv bağçılıq, pambıqçılıq, zeytunçuluq və tütünçülük təsərrüfatları, ət və süd, meyvə-tərəvəz məhsullarının emalı, ət kəsimi, un və un məmulatları, balıq yemi, mətbəx və məişət malları, mebel, tara, tikinti materiallarının istehsalı və s. sahələr üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib.
İşgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 20 sahibkara 7,7 milyon manat güzəştli kredit verilib. Ayrılan kreditlər əsasən, heyvandarlıq, müasir istixana kompleksinin yaradılması, çörək, tikinti materialları, mətbəx və məişət əşyaları istehsalı, zeytunçuluq sahələrinin inkişafına sərf olunacaq. Bu kreditlərin reallaşdırılması nəticəsində 180-dən çox yeni iş yeri açılacaq.
Tədbir çərçivəsində güzəştli kredit ayrılan Xırdalanda hava kompressorları istehsalı zavoduna, ət kəsimi və emalı müəssisəsinə baxış keçirilib.
1news.az