Nazir: Əczaçılıq məhsullarının birgə istehsalı üzrə Türkiyə və Ukrayna şirkətləri ilə də danışıqlar aparılır
Əczaçılıq məhsullarının birgə istehsalı üzrə Türkiyə və Ukraynanın bir neçə şirkəti ilə də danışıqlar aparılır.
1news.az-ın məlumatına görə, bunu AZƏRTAC-a müsahibəsində iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Artıq həmin şirkətlər tərəfindən müvafiq biznes plan və əsaslandırma sənədlərinin hazırlandığını deyən nazir eyni zamanda, Azərbaycanda əczaçılıq sənayesinin təşkilinə aparıcı Avropa şirkətlərinin cəlb edilməsi istiqamətində işlər görüldüyünü də diqqətə çatdırıb:
“Belə ki, İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti Almaniya və İsveçrəyə səfər edərək potensial tərəfdaş şirkətlərlə müzakirələr aparıb. Qeyd edilən görüşlərdə Almaniya və İsveçrə şirkətləri Azərbaycanda əczaçılıq məhsullarının istehsalı sahəsində əməkdaşlığa dair maraqlarını ifadə ediblər. Məsələn, dünyanın bir sıra aparıcı əczaçılıq şirkəti ölkəmizdə yaradılacaq əczaçılıq istehsalı müəssisəsində patent hüququ qorunan dərmanlarının qablaşdırılmasının təşkilinə maraqlarını bildiriblər”.
Ş.Mustafayev bildirib ki, əczaçılıq zavodları ilə yanaşı, tibbi təyinatlı digər məhsulların da ölkəmizdə istehsalına investorlar tərəfindən maraq var. Məsələn, hazırda birdəfəlik şprislərin istehsalı layihəsinin icrası ilə bağlı işlər aparılır:
“Ümumiyyətlə, Azərbaycanda yaradılacaq dərman istehsalı zavodları ölkəmizin əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq”.
1news.az