Özbəkistan portalı erməni terroru barədə məqalə yayıb
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Sharh.uz portalı tanınmış rus tarixçisi, siyasi analitik Oleq Kuznetsovun Ermənistanın işğalçılıq siyasəti və erməni terroruna dair məqaləsini yayıb.
1news.az Azərtac-a istinadən xəbər verir ki, məqalədə 1977-ci il yanvarın 8-də Moskvada İzmaylovo və 1 May metro stansiyaları arasında Erməni Milli Birlik Partiyasının üzvləri Stepan Zatikyan, Zaven Baqdasaryan və Akop Stepanyan tərəfindən törədilmiş terror aktı haqqında məlumat verilir. Bildirilir ki, terror aktı nəticəsində 7 nəfər həlak olub, 37 nəfər yaralanıb.
Yazıda bildirilir ki, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin o vaxtkı birinci katibi Karen Dəmirçyanın terrorçulara havadarlıq etməsinə baxmayaraq, 1979-cu il yanvarın 24-də keçmiş SSRİ Ali Məhkəməsi bu terrorçulara ölüm hökmü kəsib və yanvarın 30-da hökm yerinə yetirilib.
Məqalənin tam mətni ilə http://sharh.uz/analitika/item/9935-vzryv-metro linkindən tanış olmaq mümkündür.
1news.az