“Şapekoense” komandası faciədən sonra ilk oyununu keçirib - FOTO
Ötən ilin noyabrında baş verən təyyarə qəzası nəticəsində 19 futbolçusu və texniki heyətinin üzvləri həlak olan Braziliyanın “Şapekoense” klubu faciədən sonra ilk oyununu keçirib.
1news.az Azərtac-a istinadən xəbər verir ki, komandanın üzvlərinin yaşıl meydana çıxması azarkeşlər tərəfindən həyəcanlı anlarla müşahidə olunub.
Ölkə çempionatının birinci liqasında çıxış edən “Şapekoense” yeni mövsümə hazırlıq prosesi çərçivəsində liqanın sonuncu çempionu “Palmeyras” komandası ilə heç-heçə edib – 2:2.
Oyundan əvvəl keçirilən mərasimdə qəzada yaralanmış futbolçular Helio Netoya, Alan Rusçelə və ayağını itirən ehtiyat qapıçı Cekson Folmana, eləcə də həlak olan idmançıların ailə üzvlərinə Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) kuboku və medallar təqdim edilib. Şapeko şəhərindəki “Conda Arena”da oynanılan və təxminən 20 min azarkeşin izlədiyi oyunun 71-ci dəqiqəsində qəza nəticəsində ölən 71 nəfərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xatırladaq ki, noyabrın 29-da baş verən qəza nəticəsində 71 nəfər həlak olub. Cənubi Amerika kubokunun final oyunu ilə əlaqədar Kolumbiyanın “Atletiko Nasional” klubu ilə qarşılaşmaq üçün Medelin şəhərinə uçan “Şapekoense” klubunun 19 oyunçusu, eləcə də texniki heyət üzvləri də qəza nəticəsində həlak olub.
Faciədən sonra “Atletiko Nasional” klubu KONMEBOL kubokunun və turnirdən əldə olunan gəlirin “Şapekoense” klubuna verilməsini xahiş edib. Bu qərarına görə “Atletiko Nasional” klubu KONMEBOL-un xüsusi “fair-play” mükafatı ilə təltif edilib.
1news.az