Ərdoğan martın ilk yarısında Rusiyaya səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın ilk yarısında Rusiyaya gözlənilən səfəri əsnasında ikitərəfli münasibətlərin nizamlanması müzakirə olunacaq.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz Interfax informasiya agentliyinə müsahibəsində bildirib.
“Mart ayının ilk yarısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri planlaşdırılır. Səfər zamanı onun son yarım ildə Rusiya Prezidenti Vladimir Putinlə dördüncü görüşü baş tutacaq. Görüş əsnasında münasibətlərimizin nizamlanması barədə növbəti addımlar barədə müzakirələr aparılacaq”, -deyə səfir bildirib.
H.Diriöz, həmçinin qeyd edib ki, Ankara Türkiyə vətəndaşlarının müəyyən kateqoriyası üçün vizaların ləğv olunması məsələsini də qaldırmaq niyyətindədir. Onun sözlərinə görə, vizaların ləğvi ilk növbədə biznesmenlər və siyasətçilər üçün vacibdir.
1news.az