Cocuq Mərcanlı kəndinin avtomobil yolunun tikintisinə 4,3 milyon ayrılıb
Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 km olan avtomobil yolunun tikintisi məqsədi ilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə “Respublikanın kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması” üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon (dörd milyon üç yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
1news.az